Rüstəm İbrahimbəyov müsbət erməni obrazını canlandırmağı özü üçün qəhrəmanlıq nümunəsi kimi qəbul edir
Rüstəm İbrahimbəyovun «Nyu-York tayms» qəzetinə verdiyi son müsahibə sabiq millət vəkili Eldar SABİROĞLU tərəfindən kəskin qarşılanıb. Rüstəm İbrahimbəyovu ciddi tənqid atəşinə tutan E. Sabiroğlu bu barədəAİM.Az-ın sullarını cavablandırarkən ilk növbədə ziyalı məsələsinə aydınlıq gətirib:
“Ziyalı millətin güzgüsüdür, onun simasında millətin mədəniyyəti, tarixi keçmişi və gələcəyi, bəşər məkanında yeri və əhəmiyyəti tanınır və hörmətlə yad edilir. Ziyalısız millət susuz səhradır. Orada heç nə bitməz.
Böyük ziyalının dəyəri və qiyməti hər şeydən əvvəl mənsub olduğu millətə bağlılığı ilə ölçülür. O, millətin dərdlərini, əzablarını çəkinmədən deməyi bacarmalı və bunları gələcək nəsillər üçün öz yaradıcılığı vasitəsilə tarixə əmanət etməlidir.
Təəssüf ki, bir sıra hallarda insanı üzən, onun qol-qanadını sındıran elə hadisə və münasibətlə rastlaşırsan ki, sadəcə buna ad tapa bilmirsən. Bəli, ad tapa bilmirsən!..”
Rüstəm İbrahimbəyovu necə azərbaycanlı ziyalı hesab edim!
Daha sonra kəskin tərəddüd içində olduğunu bildirən müsahibimiz Rüstəm İbrahimbəyovun azərbaycanlıya yaraşmayan müsahibəsini əsl təxribat adlandırıb:
“İndi mən bu tərəddüdün içərisindəyəm. Özünü böyük ziyalı adlandıran Rüstəm İbrahimbəyovun «Nyu-York tayms» nəşrinə verdiyi müsahibəni oxuyarkən çox mütəəssir oldum. İndi bu cür soydaşımıza, qələm sahibinə nə deyəsən! Mən onu necə azərbaycanlı ziyalı hesab edim ki, həmin nəşrdəki müsahibəsində Azərbaycanı yerdən-yerə vurur, ermənilər haqqında isə məhəbbətlə söz açır. Bir sözlə, müsbət erməni obrazını canlandırmağı özü üçün qəhrəmanlıq nümunəsi kimi qəbul edir. Rüstəm İbrahimbəyov qeyd edir ki, ermənilər bizim düşmənimiz deyil. Haçansa onlarla barışacağıq.”
Rüstəm İbrahimbəyovdan fərqli olaraq erməni ziyalıları öz milli təəssübkeşliyini heç bir halda nəyəsə güzəştə getməyib
E.Sabiroğlu məlum müsahibəyə müqayisəli şəkildə yanaşaraq erməni ziyalıları ilə Azərbaycan ziyalıları arasındakı fərqə də toxunub və öz haqlı iradlarını bildirib:
“Bağışlasın Rüstəm müəllim məni, yaşı və təcrübəsi məndən çox olsa da, ermənini mənim kimi tanıya bilməz. Otuz bir il onların içində yaşayan bir azərbaycanlı kimi ermənilərin hansı xislət sahibi olduğunun və azərbaycanlıya, ümumiyyətlə, Türkə qarşı düşmən münasibətinin canlı şahidiyəm. Hələ də anlamaq olmur ki, bu adamı ermənilərə bağlayan nədir!? Onlardan hansı yaxşılıqları görüb ki, ayrıla bilmir. Söz tapa bilmirəm ona nəsə deməyə. Rüstəm İbrahimbəyovdan fərqli olaraq erməni ziyalıları öz milli təəssübkeşliyini heç bir halda nəyəsə güzəştə getməyib. Onlar bizim kinodramaturqumuzdan fərqli olaraq Azərbaycanın müxtəlif ərazilərilə əlaqədar filmlər çəkir, bu torpaqların tarixi erməni torpaqları olmaları barədə mənfur iddialarını bütün dünyaya yayırlar. Rüstəm İbrahimbəyov bir nümunə ortaya qoya bilərmi ki, tarixi yurdumuz olan Qərbi Azərbaycan barədə hansısa bir söz deyib, hələ filmi bir kənara qalsın.”
Moskva mühitində böyüyüb boya-başa çatan erməni ziyalıları bir an da olsun erməni təfəkküründən uzaqlaşmır, amma bizimkilər millətimizin problemlərini dilə gətirməkdən sanki çəkinirlər
E.Sabiroğlu tarixi faktları önə çəkərək ziyalılarımızın durğunluğundan narahat olduğunu ayrıca dilə gətirib:
“Ona xatırlatmaq istərdim ki, keçən əsrdə azərbaycanlılar dörd dəfə faciəli şəkildə öz tarixi və qədim yurdlarından deportasiya olunmuşlar. Moskva mühiti Rüstəm İbrahimbəyovun simasında bizim ziyalılarımızı sözün əsl mənasında “beynəlmiləlləşdirib.” İndi deyəcəyim bir fikir ola bilsin ictimaiyyətdə qıcıq yaratsın, ancaq yenə deyəcəyəm: səbəb nədir ki, Moskva mühitində böyüyüb boya-başa çatan erməni ziyalıları bir an da olsun erməni təfəkküründən uzaqlaşmır. Məqam gəldikdə qorxadan, çəkinmədən öz millətinin mənafeyini müdafiə edir, amma bizimkilər millətimizin problemlərini dilə gətirməkdən sanki çəkinirlər.
İndiyədək dünyaca məşhur olan böyük və təkrarsız müğənnimiz Müslüm Moqamayevin, görkəmli fırça ustamız Tahir Salahovun, dünyasını Fransada dəyişən Toğrul Nərimanbəyovun, sovet kosmonavtikasının banilərindən olan Kərim Kərimovun, eləcə də onlarla digər ziyalılarımızın və yaradıcı ictimai xadimlərimizin dilindən bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edən Ermənistanı ifşa edəcək hər hansı kəlməyə rast gəlmədik
Hazırda ən böyük problemimiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağdır. İndiyədək dünyaca məşhur olan böyük və təkrarsız müğənnimiz Müslüm Moqamayevin, görkəmli fırça ustamız Tahir Salahovun, dünyasını Fransada dəyişən Toğrul Nərimanbəyovun, sovet kosmonavtikasının banilərindən olan Kərim Kərimovun, eləcə də onlarla digər ziyalılarımızın və yaradıcı ictimai xadimlərimizin dilindən bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edən Ermənistanı ifşa edəcək hər hansı kəlməyə rast gəlmədik. Yoxdu belə şey. Onlar kosmopolitdirlər.
Digər bir kocmopolit alimimiz dünyaca məşhur, düşüncə və bilik sahibimiz Lütfi Zadəni götürək. Səsini çıxarmasını qoyaq bir kənara. O açıqdan-açığa Dağlıq Qarabağ konflikti barədə danışmağı özünə rəva görmür. Əksinə, Amerikada və digər xarici ölkələrdə yaşayan erməni ziyalıları isə Lütfi Zadə, Rüstəm İbrahimbəyov kimilərdən fərqli olaraq öz millətinin tarixinin təbliği ilə, Azərbaycana qarşı böhtan-şər kampaniyası aparmaqla məşğuldurlar.
Rüstəm İbrahimbəyovdan soruşmaq istəyirəm ki, elə onun öz doğma məmləkəti olan Şamaxıda, Göyçayda, Qubada, Naxçıvanda, 1918-ci ilin martında isə Bakıda 30 min azərbaycanlını qıran görəsən hansı millət olub!
Müsahibimiz danılmaz tarixi faktları önə çəkməklə daha sonra Rüstəm İbrahimbəyovun yaddaşını təzələməyə çalışıb:
“Rüstəm İbrahimbəyov müsahibəsində erməniləri özünə düşmən hesab etmədiyini bildirir. Desəm ki, tarixi məndən az bilir, bu düzgün olmazdı. Ancaq bu cür qələm sahibindən, yaradıcı adamdan soruşmaq istəyirəm ki, elə onun öz doğma məmləkəti olan Şamaxıda, Göyçayda, Qubada, Naxçıvanda, 1918-ci ilin martında isə Bakıda 30 min azərbaycanlını qıran görəsən hansı millət olub! Bəlkə Rüstəm İbrahimbəyov bu faciələri törədən və alçaqcasına azərbaycanlılara divan tutanların ermənilərin olmadığı qənaətindədir. Yazıqlar olsun. Birdəfə yox, yüz dəfə!!!
Mənə kim nə deyir desin, o müsahibədən sonra Rüstəm İbrahimbəyovu ziyalı hesab edə bilmərəm. İndi Ermənistanda Azərbaycan ziyalılarından iki nəfəri çox sevilir. Onun biri Rüstəm, digəri isə Əkrəmdir…”
E.Sabiroğlu sonda maraqlı bir məqama da toxunaraq şəxsən onun özü üçün sirr kimi qalan bir məsələni də önə çəkib:
“Mənə qəribə gələn odur ki, azərbaycanlı qadını erməniyə ərə gedəndə, ermənini azərbaycanlılaşdıra bilmir, amma erməni azərbaycanlıya ərə gedəndə azərbaycanlını erməniləşdirir. Bax bunun sirrini tapa bilmirəm…”
Orxan,
AİM.Az