Eldar Əzizov Hacıbala Abutalıbovun “qulağ”ı ilə necə anlaşdı?

17
Bakı meri Vidadi Əliyevin pulları qarşısında aciz qaldı

Eldar Əzizov Bakı şəhər icra başçısı təyin edildikdən sonra ilk atdığı addım qurumda apardığı kadr dəyişiklikləri oldu. Paytaxt meri bir neçə idarə və müəsissəni ləvğ etməklə bərabər, xələfi Hacıbala Abutalıbovun bir çox kadrlarını da vəzifədən çıxartdı. Amma Abutalıbovun vaxtında işləyən və adları bir-çox qalmaqallarda hallanan şəxslər hələ də Bakı Şəhər İcra Hakimiyyətində vəzifə başındadırlar. Görünən budur ki, Eldar Əzizov xələfinin yoluyla getmək niyyətindədir və əslində etdiyi kadr dəyişiklikləri də imitasiya xarakteri daşıyıb.

Elchi.az  xxəbər verir ki, AzToday.az-a daxil olan məlumata görə, Eldar Əzizovun islahat məsələsində dayanması və vəzifədə olan məmurların sadəcə yerini dəyişməklə kifayətlənməsi  qaranlıq məqamlardan xəbər verir. Çünki merin islahatlara davam edəcəyi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində köklü dəyişikliklərə gedəcəyi ilə bağlı davamlı olaraq mətbuatda məlumatlar verilirdi. Ancaq birdən-birə Eldar Əzizovun dayanması və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentini yaddan çıxartması diqqət çəkdi.

Bakı şəhər icra hakimiyyətindən adının çəkilməsini istəməyən mənbənin verdiyi ilginc məlumatda bildirilir ki, Eldar Əzizov Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri  Rəfail Mehrəliyev və müavini Vidadi Əliyevlə anlaşıb. Bu anlaşmanın əsas adamı isə departament sədrinin müavini Vidadi Əliyev olduğu deyilir. Mənbəmiz idda edir ki, Eldar Əzizovun Vidadi Əliyevlə anlaşması birincinin Səbail rayon icra başçısı işlədiyi vaxta təsadüf edib. Belə ki, həmin zaman Vidadi Əliyevlə Eldar Əzizov arasında yaranmış münasibət sonrada birinci tərəfindən daha da möhkəmləndirilib. Məlumata görə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin müavini Eldar Əzizova qarşı böyük “jest”lər etməklə onun xoşuna gəlib. Vidadi Əliyevin Eldar Əzizova etdiyi böyük “jest”lərdə isə onun ortaqlarının da rolu olub. Vidadi Əliyevin biznes ortaqları isə “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədri Rəfail Mehrəliyev və 2 saylı Xəzinadarlıq İdarəsinin müdiri Nadir Qarayevdir.

Məlumata görə, Vidadi Əliyev öz istəyi ilə ortaqlarından yığdığı vəsait hesabına Eldar Əzizovun Səbail rayonunda həyata keçirtdiyi işlərdən birini yüksək səviyyədə görüb. Məhz bundan sonra Eldar Əzizovla Vidadi Əliyevin münasibətlərində yaxınlaşma baş verib.

Məlumatda bildirilir ki, Eldar Əzizov Bakı şəhər icra başçısı təyin edildikdən sonra bir çox qurumlarda yoxlamalar həyata keçirilsə də bu Mənzil-Kommunal Təsərrüfatı Departamentindən yan keçib. Çünki Bakı meri hələki Rəfail Mehrəliyev və Vidadi Əliyev cütlüyü ilə “anlaşma”sına sadiqdir.

AzToday.az ötən həftə xəbər vermişdi ki, son 1 ayda Bakı şəhər icra hakimiyyətində bir neçə departament və idarə ləğv olunasa da Vidadi Əliyevin oğlu Coşqun Əliyevin rəhbərlik etdiyi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə toxunulmadı. Həmin məlumatda vurğulamışdıq ki, Vidadi Əliyevin yaxın adamları hər yerdə açıq şəkildə Eldar Əzizovla anlaşdıqlarını ifadə edirlər. Məhz Coşqun Əliyevin rəhbər olduğu Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin ləvğ olunmaması bu məlumatın doğruluğunu gücləndirir.

Qeyd edək ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin müavini Vidadi Əliyevin sabiq mer hacıbala Abutalıbovun ən yaxın adamı olması barədə dəfələrlə məlumat verilib. Hətta Vidadi Əliyevin Bakı meriyasında olun- bitənləri gündəlik baş nazirin müavininə məruzə elədiyi deyilir. Buna görə də Vidadi Əliyevə Hacıbala Abutalıbovun meriyadakı “qulağ”ı deyirlər.

Ancaq Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin müavini Vidadi Əliyevin böyük varidatı onun hər kəslə oynamasına şərait yaradıb. Görünür Rəfail Mehrəliyev, Vidadi Əliyev, Ramazan Mirzəyevin pulları qarşısında Eldar Əzizov aciz qalıb.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir…