“Ailə institutunda ciddi böhranlar var. Bir aya 1000 nəfərin boşanması ciddi siqnaldır. İldə 27000 uşaq qeyri-rəsmi nikahdan dünyaya gəlir”. Bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya ölkədəki boşanma səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, qadınların iqtisadi asılılığına son qoymaq, tələsik addımlar atmasının qarşısının almaq üçün onların sosial müdafiəsinə yönəlik ciddi tədbirlər görülməlidir: “Bu gün ailə quran qadınlar sadəcə “məni saxlayacaq” fikri ilə nikaha girirlər. Bu, çox səhv addımdır. Qadının sosial müdafiə mexanizmi və istisadi potensialı olanda nikaha girərkən daha ağıllı qərar verir. Bir aya 1000 nəfərin boşanması onu göstərir ki, bu sahədə ciddi problemlər var. Rəsmi nikahdan çox qeyri-rəsmi nikaha girmələrin sayı artıqdır. Boşanmanın real göstəricisini dəqiq müəyyən etmək olmur. Əgər rəsmi boşanmaların sayı 1000 nəfərdirsə, qeyri-rəsmi nikahlardan dağılan ailələrin sayını da bura əlavə etsək, rəqəm xeyli artar”.
M.Zeynalova vurğulayıb ki, boşanmaların səbəbi təkcə zərərli vərdişlərə aludəçilik deyil, qadına qarşı münasibətdir: “Əgər şəxs aldadılırsa, ilk dövrdən nikaha girmirsə, ailənin təməli əvvəlcədən sağlam qurulmur. Kişinin qadına, övladına münasibəti, əsasən sosial-iqtisadi vəziyyəti, sosial-psixoloji durumu, tərəflər arasındakı münasibətin şəffaf olmaması, məcburu nikah boşanmalara səbəb olur. Məsələn, elələri var ki, ailə qurarkən qarşı tərəf haqda kifayət qədər bilgilərə sahib olmur, sadəcə nəsil artırmaq üçün nikaha girir. Hətta emosional hislər altında ailə quranlar da az deyil. Ailəyə əsassız müdaxilələr də kifayət qədərdir. Qadınların sosial müdafiəsi sahəsində boşluqlar var. Çox zaman qadınlar kişilər tərəfindən zorakılıqlara məruz qalır. Uzun müddət dözür və sonda artıq bununla bacara bilmir. Azərbaycanda uzun müddət bir yerdə yaşamış, övladları böyümüş ailələrin də dağılma halları çoxalıb. Bu məsələdə artıq bir-birini anlamamaq söhbəti yoxdur. Burada başqa amillər üzərində dayanmaq lazımdır”.