Birləşmiş Ştatlar artıq dünya jandarmı rolunda qala bilməyəcək.
Elchi.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu dekabrın 26-da İraqa səfəri zamanı deyib. “Bütün ağırlığın bizim, Birləşmiş Ştatların üzərimizə düşməsi ədalətli deyil. Biz diqqətimizi bütün dünyaya yönəltmişik. Elə dövlətlərdə varıq ki, insanların çoxu onların adlarını belə eşitməyib”, – deyə Tramp bildirib.
Dekabrın 26-da Ağ ev ABŞ Prezidenti Donald Trampın İraqa planlaşdırılmamış səfər etdiyini açıqlayıb. “Associated Press” agentliyinin məlumatına əsasən, prezidentin “Bir nömrəli təyyarəsi” Vaşinqtondan maksimum məxfilik şəraitində uçub. Donald Tramp xanımı ilə birgə Bağdadın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına gözlənilməz səfər edib və burada amerikalı hərbçilərlə təxminən 20 dəqiqə söhbətləşib. O, həmçinin ABŞ-ın İraqdakı səfiri və komandan heyəti ilə də görüşüb.
Qeyd edək ki, Vaşinqton 2014-cü ilin iyununda İraqda, sentyabrda isə Suriyada İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.
ABŞ Prezidenti Donald Tramp dekabrın 19-da Birləşmiş Ştatların qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. O, bu addımı İŞİD qruplaşmasının məğlub edilməsi ilə əsaslandırıb. Ağ ev rəsmilərinin sözlərinə görə, hazırda Suriyada fəaliyyət göstərən 2 minə yaxın amerikalı hərbçinin yerinin dəyişdirilməsinə 60-100 gün vaxt lazım gələcək.