Milli Məclisin üzvü Etibar Hüseynov Uzeyir Hacıbəylinin anadan olmasının ildönümü ərəfəsində unikal təkliflə
çıxış edib. Musavat.com xəbər verir ki, Etibar Hüseynov musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan SSR-nin himnini Bakının himni kimi bərpa etməyi təklif edib. O, Facebook səhifəsində bununla bağlı yazıb:
“Artıq illərdir ki, sentyabrın 18-i dahi Üzeyir Hacıbəylinin anadan olduğu gün, həm də “Milli Musiqi Günü” kimi də qeyd olunur. Hələ 2 il əvvəl Milli Məclisdə təklif etmişdim ki, Üzeyir bəyin xatirəsinə hörmət əlaməti olaraq Azərbaycan SSR-in himnini Bakının himni kimi bərpa edək. Təbii ki, sözlərindən imtina etməklə. Digər tərəfdən də, minus variantda himn daha möhtəşəm səslənir. Dünyanın bütün iri şəhərlərinin gerbi, himni, bayrağı var. Nədən bizdə olmasın? Ruslar illər sonra olsa da Aleksandrovun müəllifi olduğu SSRİ-nin himninin sözlərini dəyişib yenidən Rusiyanın himni kimi bərpa etdilər. Ancaq bizdə bu cür möhtəşəm əsər tarixin arxivində itib batıb. Bu himnə diqqətlə qulaq asın. Möhtəşəmdi, həm də Bakımızın da adına layiqdi. Nəyi gözləyirik..?”
Deputat bunun ardınca daha bir status paylaşıb və cəmiyyətdə Üzeyir Hacıbəyliyə olan diqqətsizlikdən narazılıq edib: “Bu gün Üzeyir Hacıbəylidən, onun himnindən yazdım. Təklif irəli sürdüm.. Amma 5-10 nəfər reaksiya verdi.. Üzeyir Mehdizadədən, Maral Tahirqızından yazsaydım indi aləm qarışmışdı biri birinə… Ruhun şad olsun Maestro..Rahat uyu. Bizdən də nigaran qalma.. Ele necə qoyub gedibsən, eləcə də qalmışıq..”