Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ildə istifadəyə verilib.
Kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları olan Mərkəzdə həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin pediatrı Könül Süleymanovanın verdiyi məlumata əsasən, mərkəzdə 300-ə yaxın pasiyent qeydiyyatdadır. Pasiyentlərin yaş həddi beş yaşdan başlayır. Pasiyentlərlə qırxa yaxın pediatr, psixoloq, psixiatr, pedaqoq məşğul olur.
Könül xanımın bildirdiyinə görə, öncə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə müraciət edən uşağın həkim müayinəsi, sonra psixoloq, loqoped və pedaqoqun ilkin psixoloji diaqnostikası müəyyənləşdirilir. Daun sindromlu uşaqların əqli inkişafda geriləmə və fiziki inkişafının zəif olması onların nitq qüsurlarının başlıca səbəbidir. Bu uşaqların fiziki və əqli inkişafını yaxşılaşdırmaq üçün əsas məqsəd olaraq daun sindromlu uşağın incə ritorikasını işlətmək, yəni hərəkətini artırmaq lazımdır. Bunun üçün isə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlar əmək, heykəltaraşlıq, xalçaçılıq, rəsm, tikiş, informatika və s dərslərə cəlb edilir. Belə ki, rəngarəng, musiqili şeylər etməklə daha tez öyrənə bilirlər. Hətta uşaqlarda çəki probleminin, yastıpəncəliliyin və onurğa əyriliyinin çox olmasına görə idmanın müxtəlif növlərində məşğələlər keçirilir. Burada uşaqlara biologiya dərslərində ətraf ələmlə ümumi tanışlıq, zoologiya dərslərində heyvanlarla ümumi tanışlıq, həmçinin su terapiyası üçün üzgüçülük dərsləri də keçilir.
Bəllidir ki, daun sindromlu uşaqlar adi insan ömrü yaşaya bilirlər. Sadəcə olaraq onların immuniteti çox zəif olduğu üçün infeksiya nəticəsində hər hansı bir xəstəliyi güclənə və həyatlarını itirə bilərlər.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla məşğul olan psixoloq Günay Bədəlzadə isə uşaqlarla apardığı psixoloji fəaliyyətlərdən bəhs edib. Bildirib ki, onlar, ilk növbədə, daun sindromlu uşaqların təlimə adaptasiyası ilə (partada oturmaq, müəllilərlə ünsiyyətə girmək və s), sonra psixi proseslərin inkişafı (idrak prosesi-hafizə,təfəkkür,təxəyyül və s), özünə xidmət vərdişləri, sosial bacarıqlarını yüksəltmək, ünsiyyət sahələrini genişləndirmək, davranış pozuntularının aradan qaldırılması və sonda sindromun ağırlıq səviyyəsinə görə fərdi yanaşma kimi işlər aparırlar.
Əksər daun sindromlu uşaqlar özlərini idarə edə bilirlər və özlərini digər uşaqlardan fərqləndirmirlər. Buna səbəs onlarla aparılan erkən terapiyalardır. Aparılan terapiyalardan sonra hansı sahəylə bağlı maraqları aydınlaşdırılır. Bütün bunları nəzərə alaraq valideynlər uşaqlar üzərində çalışaraq onları daha da inkişaf etdirməli və hər hansı sahəyə yönləndirməlidirlər. Bu, onların gələcəkdə valideynləri olmadan öz ayaqları üzərində durmasına,valideynlərinin onlar üçün narahat olmamasına gətirib çıxardır. Nəticədə bu uşaqlar sosiallaşırlar. Azərbaycanda da bununla bağlı tədbirlərin görülməsi valideynlərin öz övladına inamlarını artırır.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində davamlı olaraq bu sindromlu uşaqların valideynləri ilə də danışıqlar aparılır, mərkəzin psixoloq, psixiatr, pedaqoq mütəxəssislərinin iştiraki ilə seminarlara cəlb edilirlər.
Leyli Çələbiyeva