Bu il 374 Azərbaycan vətəndaşı Türkiyədə əmlaka sahib olub

5

Bu ilin aprel ayında Azərbaycanın 87 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 19 mənzil və yaxud 27,9%çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycanın 374 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, illik müqayisədə 117 mənzil və yaxud 45,5% çoxdur.

Ümumilikdə aprel ayında 3 768 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 1 il əvvələ nisbətən 1 709 ədəd və yaxud 83% çoxdur.

Yanvar-aprel aylarında isə Türkiyədə 13 485 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin ilk 4 ayına nisbətən 6 059 ədəd və yaxud 81,6% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin aprel ayında iraqlılar Türkiyədən 533, bu ilin 4 ayında isə ümumilikdə 2 314 mənzil əldə edib.

Siyahıda sonrakı yeri Səudiyyə Ərəbistanı tutur. Bu ölkənin vətəndaşları apreldə 395, 2019-cu ilin yanvar-aprel ayları ərzində isə 835 mənzil satın alıblar.

İlk üçlüyü isə iranlılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 332 mənzil, bu ilin ilk dörd ayı ərzində isə 1 278 mənzil əldə ediblər.