Serbiyanın Belqrad şəhərində küçələrin birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.
ANS PRESS-in məlumatına görə, avqustun 16-da Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi ilə bağlı ölkəmizin Serbiyadakı səfirliyinin və şəhər merinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Belqrad şəhər meri, bələdiyyə rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir Belqrad şəhər merinin müavini xanım İrena Vuyoviçin və səfir Eldar Həsənovun Bəxtiyar Vahabzadə küçəsi yazılmış lövhənin üzərindən örtüyü götürmələri ilə başlanıb.
Eldar Həsənov qeyd edib ki, görkəmli şair B. Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamını və birbaşa tapşırığını rəhbər tutaraq səfirlik Serbiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər merinə müraciət edib. Meriyanın bu ilin iyunun 23-də keçirilmiş iclasında bu müraciətə müsbət baxılaraq Belqradın küçələrindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Eldar Həsənov şairin adının Belqrad şəhərinin küçələrindən birinə verilməsinin Azərbaycan və serb xalqlarının yüksək səviyyəli münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. Eyni zamanda səfir onu da əlavə edib ki, azərbaycanlılar da serb yazıçılarının əsərləri sevə-sevə oxuyur, serb musiqiləri sevərək dinləyirlər. Belqrad küçələrinin birinə Bəxtiyar Vahabzadənin adının verilməsini səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin ifadəsi kimi qiymətləndirib.
İrena Vuyoviç tədbir iştirakçılarına müraciət edərək serb və Azərbaycan xalqlarının möhkəm dostluq bağları barədə danışıb. O, bu hadisənin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Tədbir çərçivəsində Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə Bəxtiyar Vahabzadənin serb dilinə tərcümə edilmiş şerini səsləndirib.