Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda – Vəzifəli şəxslərə 129 min rüşvət verilib

0

Bakının məşhur gecə klublarından biri olan “İnfiniti”nin adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir.

Həmin şəxslər “Azərişıq” ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur.

İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən “İnfiniti” klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar.

Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün “İnfiniti” gecə klubundan, ümumilikdə, 100 min manat alınıb və “Azərişıq” ASC-yə ödənilməyib.

Dəymiş zərər 129 min manatdır.

Bu iş üzrə zərərçəkmiş qismində “Azərişıq” ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Əldə etdiyimiz məlumata görə, elə bu qalmaqallı işdən sonra “İnfiniti” klubun fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bu klub daha əvvəllər də mətbuatın gündəminə kütləvi dava və əxlaqsızlıq yuvası olması ilə gəlmişdi.