Bakıda çimərlikdə batan uşaqlardan ikisinin meyiti hələ tapılmayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən bildirilib.
Məlumata görə, Şüvəlan çimərliyində batan 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva və onun qardaşı, 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.
Dənizdə batan digər üç nəfərin – 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri isə tapılaraq ailələrinə təhvil verilib.
Dövlət Sulardan Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları çimərlik hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.