“Bələdiyyə seçkilərinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar” – Usubov

0

“Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır”.

“Report”un xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərini uğurla keçirməyi arzulayır, çünki bu, əhəmiyyətli tədbirdir: “Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, bu seçkini də birgə yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”.

Baş prokurorun birinci müavini bildirib ki, son dövrlər bələdiyyələrin statusunda ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.

R.Usubov qeyd edib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. “Bələdiyyə seçkiləri ilə bağlı şikayətlər olacaq, burada qeyri-adı nəsə yoxdur. Bizim işimiz bunu dərhal araşdırmaqdır”.