“Prezidentin “Azəriqaz”la bağlı toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq”
Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.
O bildirib ki, ötən ilin dekabr ayının 1-nə kimi “Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Həmin tarixdən etibarən qərar qüvvədən düşüb:
“Qərarın qüvvədən düşməsilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdüaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.
R.Hacıyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub:
“2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı zavodu tikiləcək. “Azəriqaz”ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur.
Sadəcə bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başaldıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq”/Modern.az
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki iclasında “Azəriqaz” İstehsala Birliyinin rəhbərliyinə xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, prezident Azərbaycanda qazlaşdırmanın ən yüksək səviyyədə olduğunu bildirib və əlavə edib ki, bu il də qazlaşdırma ilə bağlı işlər aparılır:
“Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin.
Eyni zamanda “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.