“Azərbaycan Qarabağın qaytarılması müqabilində Gömrük İttifaqına daxil ola bilər”

50

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevinpublika.az1398327014qudret-hesenquliyevvv Azərbaycanın Gömrük İttifaqına daxil olması ilə bağlı fikirləri bəzi dairələr tərəfindən onun öz mövqeyini dəyişməsi kimi şərh edilib.

Bəs deputat özü necə, bu yanaşmanı nə dərəcədə əsaslı sayır? Q.Həsənquliyev APA-ya verdiyi müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirib:

– Mən bununla bağlı dünən (sentyabrın 16-nı nəzərdə tutur-red.) “Bizim yol” qəzetinə müsahibə vermişdim. Çox təəssüf ki, bu gün müsahibədəki fikirlərim “Azadlıq” qəzetində kontekstdən çıxarılaraq verilib. Elə təqdim olunub ki, guya mənim bununla bağlı fikirlərimdə hansısa dəyişikliklər baş verib. Bu, qətiyyən belə deyil. Yenə də söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan Qərb bu məsələdə ədalətsiz mövqe tutub. Bunu da onunla əsaslandırmışam ki, Avropa Birliyinin aparıcı dövləti olan Fransada və ABŞ-da güclü erməni lobbiləri var. Bu iki dövlət həm də Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan ATƏT-in Minsk Qrupunun həmsədrləridir.

Bu ölkələrdə neçə prezidentlər dəyişsə də, partiyalar hakimiyyətdə bir-birini əvəz etsələr də, siyasətləri dəyişməyib. Çünki istənilən siyasətçi Azərbaycana görə erməni lobbisi ilə münasibətlərini korlamaq istəmir. Qərbdə bu məsələ ilə bağlı həm də xristian həmrəyliyi var.

Ona görə də Qərbdən ədalətli mövqe gözləməyə dəyməz. Burada iki yol var. Azərbaycan üçün yolun biri ondan ibarətdir ki, bütün ölkə müharibəyə hazırlaşır, iqtisadiyyat hərbi rels üzərinə keçirilir. Ermənistanda da hər kəs başa düşür ki, müharibə başlayacağı, hətta bu zaman Rusiyanın onlara kömək edəcəyi halda belə Ermənistanda daş-daş üstündə qalmayacaq, biz ölüm-dirim savaşına başlayacağıq.

Bu da çox riskli, az ehtimal olunan olduğu üçün ikinci variant Rusiya ilə dil tapmaqdır. Hesab edirəm ki, bizim torpaqlarımızı işğal edən və işğal altında qalmasında birbaşa rol oynayan ölkə kimi Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutarsa, Dağlıq Qarabağ, Azərbaycan ərazi bütövlüyü naminə müstəqilliyimizdən imtina etməmək şərti ilə Rusiyanın liderliyi ilə yaranan Gömrük İttifaqına, Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər.

Hətta mən söyləmişdim ki, Azərbaycanın özünün enerji siyasətini Rusiya ilə razılaşdıra bilər. Hətta Rusiyanın Azərbaycanda Qəbələ RLS tipli hərbi bazasının olmasını da mümkün sayıram. Çünki Qəbələdə baza var idi, bu, bizim müstəqilliyimizi hansı formada təhdid edirdi? Azərbaycan 1994-1999-cu illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olub. Bu, bizim müstəqilliyimizi hansı ciddi formada təhdid edib?

Ona görə də Qarabağ naminə bu gün də o fikirdəyəm ki, Azərbaycan bu qurumlara, strukturlara üzv ola bilər, təki razılığa gələrək Rusiyanın bitərəfliyini təmin edək. Belə olacağı təqdirdə müharibəyə, hərbə böyük xərclər çəkməyə də ehtiyac olmayacaq, hətta bu variantda Ermənistanla məsələni sülh yolu ilə həll edə biləcəyik. Yenə də o fikrimdə qalıram.

Müsahibəmdə də söyləmişdim ki, Azərbaycan Rusiya ilə bu istiqamətdə danışıqlar aparmalıdır. Bu danışıqlar barədə də ictimaiyyəti məlumatlandırmalıdır ki, Rusiya Qarabağ üçün bizdən nə istəyir. Bəlkə doğurdan da Rusiya elə şərtlər irəli sürür ki, biz heç cür onu qəbul edə bilmirik?! Tutaq ki, Rusiya deyir ki, Azərbaycan Rusiya Federasiyasının bir subyekti olsun? Amma Rusiya nə istəyir, nəsə istəyirmi, yaxud heç nə istəmir, münaqişəni qoruyub saxlamaq istəyir, bu barədə də açıq demək lazımdır. Amma hər halda cəmiyyətin bir hissəsində fikir var ki, Rusiya bu istiqamətdə danışmaq olar, bu baxımdan məsələlərə aydınlıq gətirmək lazımdır. Mən də bunu söyləmişəm.