Azərbaycan-Polşa əlaqələri müzakirə olunub

45

Sentyabrın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər Elmar Memmedyarov ATET XIN Shurasinin toplantisinda 071211-1nazirinin müavini Tomas Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
T.Orlovski Polşanın Azərbaycanın Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirdiyini söyləyib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə Azərbaycana təşəkkürünü bildirib.
Elmar Məmmədyarov Azərbaycanın enerji və infrastruktur layihələri, qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyib. Nazir sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda “Cənub” qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi, mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıb. E.Məmmədyarov əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır.
Avropa İttifaqı ilə əlaqələrə dair müzakirələr zamanı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkəmizin digər sahələrdə də bu təşkilat ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini diqqətə çatdırıb.
Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.