Dekabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri Xaçmaz şəhərində işlə təmin olunmaq istəyən vətəndaşlarla görüşüblər.
Elchi.az-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhəri Tarix Diyarşünaslıq Muzeyində keçirilən görüşdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işləmək üçün müraciət ünvanlayan iddiaçılar iştirak edib.
Əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən AQTA-nın sədr müavini Balarəhim Quliyev iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb, vakant vəzifələrə uyğun iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.
Görüşdə vətəndaşlara dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlar haqqında da məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.