Apelyasiya şuralarının yaradılmasında əsas məqsəd dövlət qurumlarının işinin effektivliyinin artırılması və mövcud problemlərin vaxtında həll edilməsidir.
Bu barədə Axar.az-a iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. İqtisadçı yeni yaradılan apelyasiya şuralarının mahiyyəti barədə danışıb:
“Əslində, Azərbaycanda bundan əvvəl Vergilər Nazirliyinin nəzdində də şura yaradılıb. Hazırda yeni yaradılan apelyasiya şuraları da məhz bu təcrübədən qaynaqlanır. Burada əsas məqsəd dövlət qurumlarının işinin effektivliyinin artırılmasıdır. Əgər hər hansı bir dövlət qurumunun işindən narazılıq varsa, o zaman şuraya müraciət edilir. Məsələyə şura daxilində baxılır və müvafiq qərar çıxarılır. Ola bilsin, yeni şuralar şikayətlərin təmin edilməsi baxımından yeni bir mexanizm və ya alətdir. Apelyasiya şuralarının qurulması sahibkarların hüquqlarının müdafiəsi baxımından yaradılsa, daha yaxşı olar. Çünki sahibkarlıq və iqtisadiyyatın inkişaf etdirilməsi üçün ayrıca iqtisadi şura və ya sahibkarlığa dəstək şurasına da ehtiyac böyükdür. Apelyasiya şuralarının çox müsbət tərəfləri olacaq və bunu zamanla görəcəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında fərman imzalayıb.