Telekanalın rəhbərliyi əvvəl “gözümüz aydın” dedi, sonra isə…
ANS telekanalı və aparıcının üzr istəməsi, həmçinin təhqirə yol verilən “İncə maraqlar” verilişinin bağlanması barədə məlumat vermişdik. Artıq ANS-in vitse-prezidenti Mirşahin Ağayev və sözügedən verilişin siması Elnarə Təhməzovanın üzrxahlıq videosu yayılıb.
Məsələ ilə bağlı ANS-ın Baş direktoru Mirşahin Ağayev də açıqlama verib.
“Hesab edirik ki, efirdə elə fikirlər səslənib ki, bu doğrudan da həssas tamaşaçının hissiyyətinə toxuna, ən azı onları narahat edə bilərdi. Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk.
Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi Biz tamaşaçılardan üzr istəyirik”, – deyə M.Ağayev bildirib.
Aparıcı Elnarə Təhməzova da səhvə yol verdiyini etiraf edib: “Mən başa düşdüm ki, səhvim var və ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür alınıb. Hər halda, çox sevdiyim, həmişə hörmətlə yanaşdığım tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis vəziyyətə saldığım telekanaldan üzr istəyirəm”.
Xatırladaq ki, E.Təhməzova verilişində hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzədib. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib. Bundan qəzəblənən bir qrup hicablı xanım ANS rəhbərliyinə etirazlarını bildiriblər. Onlar kanal rəhbərliyinə müraciət edərək Elnarə Təhməzovanın üzr istəməsini tələb edirlər:
“Biz heç kimin geyiminə qarışmırıq. Kim istəyər başını bağlayar, kim istəyər çadra örtər. Bəs bizim çadramıza niyə qarışırlar? Biz onun efirdən uzaqlaşdırılmasını ya da efir vasitəsilə hicablılardan üzr istəməsini tələb edirik. Tələbimiz tez bir zamanda yerinə yetirilməsə, onda hüququmuzu başqa cür qoruyacağıq”.
Məsələ ilə bağlı ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov isə daha öncə bildirmişdi ki, aparıcı konkret kimisə təhqir etməyib: “Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib (?!-red.)”.
M.Məmmədov aparıcıya heç bir xəbərdarlığın olunmayacağını da demişdi: “Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir. Sabah da deyərlər ki, paltarı xoşlarına gəlmir, buna görə biz kimisə işdən çıxarmalıyıq?”
Son gəlişmələr isə göstərir ki, ANS bu məsələdə geriləyib. Yəni rəhbərlik səviyyəsində verilən açıqlama daha sonra elə rəhbərlik səviyyəsində də təkzib olunub və onun əksi açıqlanıb.
Əldə etdiyimiz məlumatlara görə, ümumən son vaxtlar hakimiyyətin ANS-ə münasibətində bir neqativlik müşahidə olunur. Telekanalın hakimiyyətin hədəfinə çevrilməsinin səbəbi isə 98-cı ildə çəkilən, efirdə yayımlanmayan bir süjetin indi sosial şəbəkələrə yol tapmasıdır…