Alimlərin binasında 10 milyon manatlıq mənimsəmə faktı

71

 

AMEA rəhbərliyinin, AMEA mənzil komissiyasının və “Evrostroy S” tikinti şirkətinin qanunsuz əməlləri nəticəsində hal-hazırda 60-a yaxın yataqxana sakini mənzilsiz qalıb. Səbəbi isə dəyəri 10 milyon manat ətrafında olan və yataqxana sakinləri üçün tikilmiş 128 mənzildən ibarət bir binanın AMEA və “Evrostroy-S” tikinti şirkəti tərəfindən tam olaraq mənimsənilməsidir. AMEA rəhbərliyi və AMEA mənzil komissiyası bu məsələ barəsində yalan məlumatlar verərək Respublika Prezidentini də aldadıblar.

Yataqxana sakinlərinin bir qisminə və müqaviləyə heç bir aidiyyatı olmayan kənar şəxslərə verilmiş 54 mənzil bağlanmış müqavilənin şərtlərinə və tikintinin layihə sənədlərinə görə yataqxana sakinləri üçün tikilmiş binadan yox, tamamilə başqa binadan verilib. Çox güman ki, bu mənzillər də mənzilə ehtiyacı olan digər AMEA əməkdaşları üçün nəzərdə tutulubmuş. Yataqxana sakinlərinin bir hissəsini oraya yerləşdirməklə AMEA prezidenti və şirkət rəhbəri həmin insanların da haqqını yeyiblər. İlkin bölgüdəki mənzilləri sonradan əllərindən alınaraq müqavilədə nəzərdə tutulmayan kənar şəxslərə “verilmiş” bir qrup yataqxana sakinini isə AMEA-nın prezidenti və mənzil komissiyası o qədər “çox istəyib” ki, onlara 16 mərtəbəli binanın 17-ci mərtəbəsində, yəni çardaqlarda “ev” verib. “Möhtəşəm” bir işdir!

Mövcud sənədlərə görə yataqxana sakinləri üçün tikilmiş binanın 128 mənzilindən bir dənə də olsun yataqxana sakinlərinə verilməyib. Hamısı AMEA rəhbərliyi ilə tikinti şirkəti arasında bölünərək mənimsənilib: 73 mənzil AMEA-nın, 55 mənzil isə (onlardan 2-si Fövqəladə Hallar Nazirliyinə verilib) tikinti şirkətinin payına düşüb. Tikinti şirkəti tərəfindən tərtib olunmuş və bu barədə “Qaynar info” saytında dərc olunmuş cədvəli əlavə edirik. AMEA-nın payına düşən mənzillər AMEA-ya aidiyyatı olmayan kənar şəxslərə satılıb. Həmin mənzillər yataqxana sakinləri üçün nəzərdə tutulduğundan, çox güman ki, onların satışından dövlət rüsumu da ödənilməyib.

Mənimsənilmiş mənzillərin bir hissəsinin müqabilində AMEA prezidenti və AMEA mənzil komissiyasının əsas üzvləri tikinti şirkətindən mənzillər əldə ediblər.

 

AMEA rəhbərliyinin və AMEA mənzil komissiyasının əsas üzvləri ilə tikinti şirkəti arasında mənzillərin alınması üçün bağlanmış müqavilələrin hamısı eyni tarixdə, yəni 07 oktyabr 2013-cü il tarixində həyata keçirilib.

Maraqlıdır ki, bu barədə dəfələrlə müraciət edilmış qurumlar (Korrupsiya ilə Mübarizə İdarəsi, Prokurorluq orqanları, Prezident Aparatı və s.) bu haqda susur, qanunsuz əməllərin aşkara çıxarılması, sakinlərin hüquqlarının bərpa edilməsi və günahkarların cəzalandırılması üçün heç bir tədbir görmürlər. Sonuncu dəfə 26 fevral 2019-cu il tarixində Baş Prokuror Z.Qaralov cənablarına ünvanladığımız məktuba da 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələlik heç bir reaksiya yoxdur. Buradan aydın olur ki, AMEA rəhbərliyi əlində olan imkanlardan istifadə edərək bütün qurumlara asanlıqla təsir edə bilir. Bəzi orqanlar yataqxana sakinlərinə məhkəməyə müraciət etməyi məsləhət görürlər. Məhkəmələrdə isə müraciət etmiş bir neçə sakin tərəfindən hər bir şey qanuni sənədlərlə sübut olunsa da, hakimlər bütün sənəd və sübutlara göz yumaraq cavabdehin tərəfini saxlayır, onun xeyrinə heç bir qanunla əsaslandırılmayan qərarlar çıxarır. Deməli AMEA prezidenti Akif Əlizadə məhkəmə orqanlarını da asanlıqla ələ ala bilir.

 

Əgər vəzifəsi olmayan hər hansı bir şəxs 1 yumurta mənimsəsəydi və bu haqda hansısa kütləvi informasiya vasitəsində qısa bir qeyd verilsəydi, onda bu işə polis orqanları da, prokurorluq orqanları da, korrupsiya ilə mübarizə orqanları da tökülər, onun dərisini boğazından çıxarardılar. Bu məsələdə isə həmin orqanlara dəfələrlə müraciət edilməsinə, sənəd və sübutların onlara verilməsinə baxmayaraq, sanki onların qulaqları heç nə eşitmir, gözləri heç nəyi görmür.

Daha sakinlərin heç kiməheç bir quqruma inamı və ümidi qalmayıb. Onların ümidi yalnız bir Allaha qalır.