Alimlərdən Fətəli Abdullayevə tərs sillə

204

Sürücü 133725 manat pulu bir dəfəyə necə ödəyə bildi ?

AMEA-da baş verən mənzil qalmaqalları ilə əlaqədar AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin “Repotr”a verdiyi müsahibəsində sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına mənzil alınması barədə məlumatlara münasibət bildirərək deyib:

“Bu kimi xəbərlər həqiqəti əks etdirmir. Mənzil vaxtı ilə alınıb. Məlumatda müqavilənin nömrəsi və vəsaitin məbləği yazılıb. Əgər mənzilin qiyməti ödənilibsə, burada qəbahətli nə var?! Belə olduğu halda hansı mənimsəmədən söhbət gedə bilər? Müqavilədə elə bir şərt var ki, Akademiyanın istənilən əməkdaşı həmin binadan güzəştli şərtlərlə mənzil ala bilər. Mənim sürücümün həyat yoldaşı da AMEA-nın işçisidir.”

Cənab Fətəli Abdullayev elə danışır ki, elə bil uşaq aldadır. Ayıbdır, özünüzə hörmət edin. Oxuculara hörmət edin, yalanlar danışmaqla onları aldatmayın. Axı həmin sürücünüzün yoldaşı da dəqiq bilir ki, mənzili siz almısınız, sizindir, iz itirmək üçün onun adına sənədləşdirmisiniz və o binəvanı da işə salmısınız. Zəhmət olmasa deyin görək, Bayramova Ülviyyə Rafiq qızı AMEA-da hansı işdə, hansı vəzifədə çalışır və aylıq maaşı nə qədərdir? Necə oldu ki, aylıq maaşı orta hesabla 300-350 manat olan AMEA əməkdaşı mənzilin dəyəri olan 133725 manat pulu elə bir dəfəyə ödəyə bildi?  Müxbirlər, jurnalistlər o hörmətli xanımdan müsahibə alsınlar görək, o mənzili necə və hansı “güzəştli şərtlərlə” alıb. Bəli, müqavilədə belə bir hissə var. Sizlər ehtiyacı olan AMEA əməkdaşlarına da bunu etməyə imkan verməmisiniz. Necə olur ki, bu “güzəştli şərtlərdən” sizin özünüzün vaxtilə guya qeydinə qalmaq istədiyiniz AMEA əməkdaşları, məsələn Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu kimiləri yox, Akif Əlizadə, onun gəlini, İbrahim Qliyev, “sizin sürücünüzün yoldaşı” (əslində Fətəli Abdullayev) yararlana bilib, özü də hamısı ardıcıl müqavilələrlə. Digər tərəfdən, müqavilədə güzəştli şərt haqqında, bu işçilərin AMEA əməkdaşları olduğuna görə onlara güzəştli şərtlərlə  mənzil verildiyi barədə heç nə yazılmayıb. Əgər mənzillər “güzəştli şərtlərlə” verilsəydi, bu haqda müqavilələrdə hökmən göstərilməli idi. Axı tikinti şirkəti aldığı vəsaitə görə vergi ödəməlidir. O mənzillərin yuxarıda göstərilən qiyməti güzəştli şərt qiyməti deyil. Həm də necə olur ki, siz də, sizin müavininiz (bütün işlər başı) Sərdar Əliyev də o müqvilənin “düzgün olmadığını” (?) dediyiniz halda, indi o müqavilədən sitat gətirirsiniz?   

F.Abdullayev “Report”a açıqlamasında həm də deyib ki, yataqxanada yaşayan elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz.

Onda zəhmət olmasa, cavab verin görək, Yataqxana sakinlərinin bir hissəsinə və yataqxanada yaşamayan, müqaviləyə heç bir aidiyyatı olmayan əməkdaşlara verdiyiniz mənzillər hansı binadandır? O binanın layihə sənədini göstərin görək hansı məqsədlə tikilib və kimlərə verilməli idi? Deyin görək, yataqxana sakinləri üçün tikilmiş və bir mənzili də yataqxana sakinlərinə verilməmiş 128 mənzildən ibarət (onlardan 118-i yataqxana sakinləri üçün nəzərdə tutulub) 1 və 2 blokları AMEA tərəfindən kimlərə satılıb? Sübut üçün şirkət tərəfindən tərtib edilmiş, “Qaynar info” saytında dərc olunmuş, internet saytlarında dəfələrlə təkrar dərc edilmiş və sizlərin də təkzib etmədiyiniz ( təkzib edə də bilməzsiniz) cədvəli təqdim edirik.