Alimlərdən AMEA sözçüsü Sərdar Əliyevə cavab gəldi

44

Hörmətli Redaksiya!

Bu yaxınlarda “Xalq xəbər” saytında AMEA-nın İşlər İdarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin verdiyi açıqlamalardakı yalan informasiyalara cavab olaraq “Xalq xəbər” saytına müraciət etdik. Lakin nədənsə “Xalq xəbər” saytı bizə cavab vermədi.  O üzdən cavab məktubumuzu dərc etməyimizi xahiş edirik.

Sərdar Əliyevin verdiyi açıqlamaları oxuyanda adama elə gəlir ki, S.Əliyev və onunla birlikdə AMEA rəhbərliyi, AMEA mənzil komissiyası (sədr İbrahim Quluyev), AMEA İşlər İdarəsi (müdir Fətəli Abdullayev) bu məsələlərdə elə “düzgün” işləyib ki, bütün günahların hamısı o vaxtkı adı “Evrostroy-S”,  olan  şirkətdədir. Burada “Kor-kora lağ etməsə bağrı çatlayar” məsəli yada düşür. Əslində qanunsuz əməlləri tikinti şirkəti AMEA rəhbərliyi ilə birlikdə edib. Hamı bilir ki, sakinlər üçün tikilmiş mənzillərin mənimsənilməsini tikinti şirkəti təkbaşına edə bilməz. Onların yalandan özlərini quruya çıxarmaq istəkləri yalnız oxucuları və izləyiciləri aldatmaqdan ibarətdir. İnsan nə qədər yalan danışar? Maraqlıdır ki, onlar bu üsullarla, həmin sözlərlə Respublika Prezidentini də aldadıblar. Havadarlarının köməyi ilə bu məlumatların, həqiqətlərin Respublika Prezidentinə çatmasının qarşısını müxtəlif üsullarla alırlar. Bu haqda hansı saytlar yazırsa, onların rəhbərliyinə, müxbirlərinə təzyiq göstərməkdən belə çəkinmirlər. Hətta məhkəmələri ələ almağı da bacarırlar.

Biz bunların hamısını sözlə yox, sənədlərlə sübut edirik. AMEA rəhbərliyi, AMEA İşlər İdarəsi, eləcə də İşlər İdarəsinin müdir müavini olan S.Əliyev cənabları sənədləri saxtalaşdırmaqda, məhv etməkdə, eləcə də mətbuatda gedən yazılarında sənədlərdə olan cümlələrdə özlərinə sərf edən sözləri saxlayıb, sərf etməyənləri gizlətməkdə mahirdirlər.

Sərdar Əliyev deyir ki, sitat, “siyahıda əgər 116 ailənin adı vardısa, tikinti şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırdı. … Lakin müqavilə bağlanan zaman şirkət tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşiblər.” Tamamilə səhvdir. Əvvəla siyahıda 116 yox 118 imza olub (yenə də saxtalaşdırma). Rəqəmləri və cümlələri saxtalaşdırmaqda mahir olan S.Əliyev rəqəmləri səhv verməklə iz itirməyə, oxucuları aldadaraq mənzillərin ümumi sahəsinin haradan alındığını gizlətməyə çalışıb. Belə ki, 2012-ci ildə şirkət nümayəndəsi ilə sakinlər arsında olan iclasda sakinlər üçün hər birinin sahəsi 65 kv.m–dən az olmamaqla 118 mənzil verilməsi müəyyənləşdirilib. Sakinlər üçün nəzərdə tutulmuş bina da, mənzillərin sayı da məlum idi. Bina – yataqxana binasının yanında tikilmiş və tikintinin layihəsində də dəqiq göstərilmiş 1 və 2 bloklarından ibarət bina idi. Mənzillərin ümumi sahəsi də məlum idi və buradan alınmışdı: 118x65kv.m=7670kv.m. Veriləcək mənizllərin ümumi sahəsinin 7670 kv.m olması, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarının 2-ci abzasının 6-cı sətirində də göstərilib. AMEA ilə tikinti şirkəti arasında sonradan imzalanan saxta protokolda isə guya müqavilədə AMEA-ya 5000 kv.m mənzil verilməsi nəzərdə tutulub. Bəs bu saxta rəqəmlər hara getdi? Onu AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarında niyə qeyd etməmişdilər? Əlbəttə, qeyd edə bilməzdilər. Çünki o sahənin yataqxana sakinlərinə mənzillərin verilməsi məsələsinə heç bir aidiyyatı yoxdur. Əslində 5000 kv.m mənzil sahəsini tikinti şirkəti aldığı Fiziologiya İnstitutunun ərazisi müqabilində əlavə olaraq AMEA-ya verib. Çox güman ki, bu mənzillər də mənzilə ehtiyacı olan digər AMEA əməkdaşları üçün nəzərdə tutulubmuş. Yataqxana sakinlərinin bir hissəsini oraya yerləşdirməklə AMEA prezidenti və şirkət rəhbəri həmin insanların da haqqını yeyiblər.

Əslində yataqxana sakinlərinin bir qisminə və müqaviləyə heç bir aidiyyatı olmayan kənar şəxslərə verilmiş bu 54 mənzil bağlanmış müqavilənin şərtlərinə və binanın layihəsinə görə yataqxana sakinləri üçün tikilmiş binadan verilməyib. Bu mənzillər müqaviləyə görə yataqxana sakinləri üçün nəzərdə tutulmuş binanın tikintisinin başa çatdığı 2015-ci ildə AMEA ilə tikinti şirkəti arasında bağlanmış saxta “Protokol”a əsasən elə həmin 2015-ci ildə bünövrəsi qoyulan və AMEA-nın şirkətə əlavə olaraq satdığı Fiziologiya İnstitutunun ərazisində, Fiziologiya İnstitutuna tam bitişik tikilmiş (institut əməkdaşlarının təhlükəsizliyi baxımından, təhlükəsizlik qaydalarına görə bu da qanun pozintusudur) binadan verilib. Məgər AMEA rəhbərliyi, AMEA mənzil komissiyası, bütün sənədlər əllərində olduğu halda, bunu bilmirdilər? Yəni onlar o qədər “savadsız”, “əfəl” idilər ki, şirkət onları aldadaraq əlavə torpaqda əlavə bina tiksin? Əlbəttə gözəl bilirdilər. Çünki sakinlər üçün tikilmiş 128 mənzildən (118-i yataqxana sakinləri üçün idi) ibarət, qiyməti 10 milyon manat ətrafında olan bir binanın mənimsənilməsi üçün təklif elə AMEA-nın özündən gəlmişdi. Əks halda, tikinti şirkəti müqavilə ilə ona ayrılmış 0,66 ha sahədən kənarda yerləşən və Fiziologiya İnstitutuna məxsus olan ərazidə özbaşına necə tikinti apara bilərdi? Mövcud sənədlərə görə yataqxana sakinləri üçün tikilmiş binanın 128 mənzilindən bir dənə də olsun yataqxana sakinlərinə verilməyib. Hamısı AMEA rəhbərliyi ilə tikinti şirkəti arasında bölünərək mənimsənilib: 73 mənzil AMEA-nın, 55 mənzil isə (onlardan 2-si Fövqəladə Hallar Nazirliyinə verilib) tikinti şirkətinin payına düşüb. Həmin mənzillər yataqxana sakinləri üçün nəzərdə tutulduğundan, çox güman ki, onların satışından dövlət rüsumu da ödənilməyib.

Nəhayət, AMEA-nın sözçüsü olan S.Əliyev desin görək, 07 oktyabr 2013-cü il tarixində AMEA prezidenti Akif Əlizadənin, AMEA mənzil komissiyasının sədri, AMEA-nın vitseprezidenti İbrahim Quluyevin və AMEA İşlər İdarəsinin müdiri və AMEA mənzil komissiyasının sədr müavini Fətəli Abdullayevin eyni gündə eyni blokdan, ardıcıl müqavilərlə aldıqları mənzillər (bizim bildiyimiz, ümumilikdə sayı 6 və ümumi dəyəri 620 min manatdan çox olan mənzillər) hansı əsasla və ya hansı vəsaitlə nəğd alınmışdı? (Mətbuatda bunlar haqqında məlumatlar və  müqavilə sənədlərinin surəti də verilib).

Cənab S.Əliyev öz yalanlarına o qədər aludə olub ki, hətta öz sözlərini Respublika Prezidentinin qərarından üstün sayır. Sitat, “Yataqxana AMEA-nın balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzərdə tutulmur.”

İlk oxunuşdan elə başa düşülür ki, S.Əliyev doğru deyir. Lakin oxucular bilmirlər ki, onlar qanunsuz əməllərini gizlətmək üçün bu sözləri işlədirlər.

Aydınlaşdıraq.

AMEA-nın Şərifzadə 33-də yerləşən yataqxanası da aspirantlar yataqxanası idi, bəs necə özəlləşdi?

Bu yataqxana da öz statusunu 2002-ci ildən, daha sonra 2012-ci ildən tamamilə itirib. Yataqxana sakinləri gənc mütəxəssis kimi AMEA-da işə başlamış və mənzil növbəsinə dayanmışdılar. 90-cı illərdə məlum proseslərdən sonra yataqxana sakinlərini evlə təmin etmək mümkün olmadığına görə 2002-ci ildə sakinlərin müraciəti və mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə yataqxana sakinlərinin hamısı, ailə üzvləri də daxil olmaqla yataqxanaya daimi qeydiyyata götürüldü, hər bir mənzildə yaşayan sakinə yaşadığı mənzilə görə order verildi və bu mənzillərin artiq onlara məxsus olduğu deyildi. Maraqlıdır ki, həmin S.Əliyev cənabları Heydər Əliyevin sərəncamı, AMEA yataqxana və mənzil komissiyasının 2002-ci ildə tərtib etdiyi və o vaxt AMEA-nın Rəyasət Heyətinin üzvü, indi AMEA-nın prezidenti olan Akif Əlizadənin də təsdiq edilməsinə razılıq verdiyi protokol əsasında verilmiş bu orderləri “qeyri-qanuni” hesab edir. Onun sözlərindən belə çıxır ki, mərhum prezident H.Əliyev düzgün sərəncam verməyib, o vaxt Akif Əlizadə də saxta işə imza atıb. Cənab S.Əliyev, yediyiniz qaba tüpürməyin və mərhum prezident H.Əliyevin sərəncamına da hörmətsizlik etməyin.

Digər tərəfdən, AMEA-nın mərhum prezidenti M.Kərimovun 2012-ci ildə Respublika Prezidenti cənab İ.Əliyevə ünvanladığı müraciətdə “… sakinlərin mənzillə təmin olunmasına və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə verilməsinə köməklik göstərəsiniz.” yazılıb. Respublika Prezidenti də humanistlik edərək birinci yolu, yəni sakinlərin mənzillə təmin edilməsini seçib. Əgər ikinci yol seçilsəydi, yəni mənzillər özəlləşdirilsəydi, siz kim idiniz ki, bunu inkar edəydiniz? Onda bu gün nə “AMEA-nın mənzil komissiyasına” ehtiyac olmayacaqdı, nə də bu komissiyanın  qanunsuz əməllərinə görə yataqxanada yaşayan 60-a yaxın ailə mənzilsiz qalaraq idarələrin, məhkəmələrin qapılarında sürünməzdi. Belə çıxır ki, Cənab Prezidentin yataqxana sakinləri üçün göstərdiyi humanistlik AMEA prezidentinin və mənzil komissiyasının qanunsuz əməlləri nəticəsində sakinlərə başağrısı gətirib.

Sakinlərin fərdi müqavilə bağlamadan, ümumi siyahı ilə imza edərək razılıq verməsi isə onların hüquqlarının olmamasından deyil (çünki hamının əlində qanuni orderi var), sakinlərin mərhum M.Kərimova bir İnsan kimi böyük hörmətinin və inamının olması ilə bağlı idi.

Bu yataqxana sənədlərdə 2013-cü ildən (BŞİH-nin 19.12.2012-ci il tarixli 564 №-li sərəncamına əsasən) sökülüb və hal-hazırda sənədlərdə mövcud deyil. Fövqəladə Hallar Nazirliyinə jurnalist sorğusu göndərməklə bunu aşkar etmək olar. Binanın sökülməməsi də AMEA ilə tikinti şirkətinin “birgə işbirliyinin” nəticəsidir.

Cənab S.Əliyev, bu yataqxana əvvəlki statusunda qalmışdısa, onda nə üçün 2002-ci ildən (sakinlərə daimi order verildiyi vaxtdan) indiyədək (yəni 2019-cu ilin aprel ayınadək, 17 il ərzində) nə yataqxananın dəhlizləri, nə də otaqları bir dəfə də olsun təmir edilməyib, otaqlara bir dənə də olsun mebel, lazımi avadanlıqlar verilməyib (yataqxanalar üçün qanunun 93-cü maddəsinin 3-cü bəndi)? Sakinlər otaqları öz vəsaitləri hesabına təmir ediblər. Onda cənab S.Əliyev, AMEA İşlər İdarəsinin müdir müavini kimi, bu illər ərzində təmir üçün, otaqların mebellər və lazımi avadanlıqlarla təchiz edilməsi üçün ayrılmış vəsaitləri neyləmisiniz? İndinin özündə də bu binaya yerləşdirdiyiniz magitirlərə verdiyiniz otaqlar hansı vəziyyətdədir? Onların təmiri üçün ayrılmış vəsait necə olub ki, otaqları bu binəva magistirlərin özləri təmir edirlər? Bu hansı qanuna əsasən edilir? Onlara veriləsi olan mebellər hara yox olub ki, AMEA-nın bəzi işçilərindən, institut direktorlarından köhnə-köşkül mebellər, avadanlıqlar dilənərək o otaqlara qoyursunuz? Magistirlərdən hər ay alınan kirayə pullarının haraya getdiyi də məlum deyil. Bu bina yataqxana statusunda qalıbsa, nə üçün elektrik enerjisi sərfiyyatı haqqını (binada qaz olmadığından qaz əvəzinə də elektrikdən istifadə edilir) sakinlər ödəyir? Və s. Çox yataqxana-yataqxana deyirsiz. Onda bu vəsaiti niyə ödəmirsiniz? Axı yataqxanalar haqqında qanuna görə bunu müəssə, yəni AMEA ödəməlidir. Yoxsa o pulları da mənimsəmisiniz? Bunlar bir daha göstərir ki, yataqxananın taleyi 2002-ci ildən bitib, sənədlərdə yataqxana binası yoxdur, sökülüb.

Maraqlıdır ki, bu korrupsiya əməlləri, yeyinti halları ilə əlaqədar Korrupsiya ilə Mübarızə İdarəsinə, Respublika Prokuroruna, Yasamal rayon prokuroruna, Prezident administirasiyasına dəfələrlə şikayətlər edib, məlumatlar versək də, heç bir nəticəsi yoxdur. Məhkəmələrin işini də Allah heç kimə göstərməsin. Qanun, hüquq qalıb bir kənarda, hamısı bütün sübutlara gözlərini yumaraq bircə mahnı oxuyurlar: Akif Əlizadə necə istəyirsə, o cür də olmalıdır. Axı əks halda onlar işlərini itirə bilərlər.

Bu hadisələrin tarixçəsi çox genişdir və bir mövzuya sığmaz. Hələlik yalnız bir hissəsini qeyd edə bildik.