Bu gün Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənəd qəbul etdi. Əlbəttə, belə bir ədalətsiz qərarı mən də qətiyyətlə pisləyirəm. Bununla belə qeyd edirəm ki, bütün məsələni dini ayrıseçkilikdə, avropalıların erməni təəssübkeşliyində, türkə nifrətində axtarmaq lazım deyil. Avropa dini liderlərini, xalqlarını aşağılamaq, “biz bir qulağımızdan alıb o birindən verəcəyik” demək vəziyyətdən çıxış yolu deyil və türk dünyasına pislikdən başqa heç nə verməyəcək.
Türk dünyası ölkələrinin epizodik olaraq xaricdə apardığı lobbiçilik işləri şəxsi hakimiyyəti möhkəmləndirməyə yönəldiyi halda erməni diasporası mütəmadi, məhz bu məsələ üzərində davamlı olaraq işləyir. İllər ərzində bu sahədə əlimizdə olan ən güclü, əsaslı arqument sayılan Sumqayıt hadisələrinə göstərilən münasibət bunun bariz nümunəsidir.
Bu gün internetdə axtarış verib tək Sumqayıt hadisələri ilə bağlı məlumatları araşdırsaq, bizim bir məqaləmizə, kitabımıza, AzTV filmimizə (keyfiyyəti orta savadlını da qane etməyən) ermənilərin yüzlərlə yüksək keyfiyyətli kitablarını, məqalələrini, filmlərini görəcəyik. Bizim xaricdə təşkil etdiyimiz yeyib-içmək, bir də bəzilərinə özlərini tanıtdırmaq üçün hədiyyələr verilməsi tədbirlərimizdən fərqli olaraq, ermənilər məzmunlu tədbirlər keçirirlər.
Əminəm ki, bu gedişlə bir neçə ildən sonra Sumqayıt “soyqırımı” da gündəliyi zəbt edəcək. Bizim başbilənlər isə deyəcəklər: “Heç kim bizə yol göstərə bilməz!” Bu gün orta əsrlər, türk dövlətləri isə dünyaya meydan oxuyası gücdə deyilər. Bu işləri yeyib-içmək, özlərini təqdim etmək kimi deyil, düşünülmüş, hazırlıqlı və elmi şəkildə etmək lazımdır.
Bu gün mən etiraf edirəm ki, bu sahədə 10 milyonluq erməni 300 milyonluq türkdən irəlidədir.